Azərbaycan-Türkiyə parlamentlərarası münasibətləri müzakirə edilib

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 10-cu üçtərəfli iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, söhbət zamanı üçtərəfli görüşün əhəmiyyəti vurğulanaraq, Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli münasibətlərin regionda sülhə, sabitliyə, əməkdaşlığa və iqtisadi inkişafa töhfə verdiyi bildirilib.

Milli Məclisin sədri qeyd edib ki, bu gün həm regionumuzda, həm də qlobal səviyyədə baş verən proseslər, mövcud çağırışlar parlamentlərimizin xarici əlaqələr komitələrinin birgə işinin davam etdirilməsini zərurətə çevirir. Üçtərəfli parlament əməkdaşlığı çərçivəsində reallaşdırılan bu mühüm tədbir ölkələrimiz arasında parlamentlərarası münasibətlərin səviyyəsinin daha da artırılmasına xidmət edir.

Görüşdə Azərbaycan və Türkiyə arasında münasibətlərə dair də fikirlər səsləndirilərək bildirilib ki, ölkələrimiz arasında əlaqələr Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarına uyğun şəkildə inkişaf edir.

Sahibə Qafarova deyib ki, Azərbaycanla Türkiyə həm sevincli, həm də kədərli günlərdə bir yerdə olduqlarını bütün dünyaya nümayiş etdirirlər. Dövlət başçılarımızın qardaşlıq əlaqələri bu münasibətlərin çoxşaxəli inkişafındakı ən mühüm amildir. Məhz onlar ikitərəfli əməkdaşlığın gündəliyini müəyyən edir və bu əməkdaşlığın inkişaf istiqamətləri üzrə müvafiq tapşırıqları verirlər. Dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına dair iradəsini parlamentlər səviyyəsində də tam şəkildə əks etdirmək üçün bütün imkanlardan istifadə olunur. Həmçinin beynəlxalq parlament təşkilatlarında yüksək səviyyədə qarşılıqlı dəstək və birgə fəaliyyət mövcuddur.

TBMM-in Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay diqqətə çatdırıb ki, daha geniş regionda mövcud olan gərginliklər fonunda qardaş ölkələrimiz arasında əməkdaşlıq sabitlik amili kimi çıxış edir. Ölkələrimiz arasında iqtisadi əlaqələrin mühüm əhəmiyyəti qeyd olunaraq, bu sahədə münasibətlərin daha da dərinləşməsində parlamentlərin də rolu diqqətə çatdırılıb.

Söhbət zamanı Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri mühüm layihələrdən bəhs edilib.

Görüşdə, həmçinin ötən ilin avqustunda Vaşinqton Zirvə Görüşündən sonra regionda mövcud vəziyyət, Zəngəzur dəhlizinin fəaliyyətə başlamasından sonra əməkdaşlıq üçün yaranacaq yeni imkanlar, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.