Ehtiyatlı olun - Abşeron çimərliklərində külək güclənəcək
Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında 31-36, Bakıda 33-35 dərəcə isti təşkil edəcək.
Abşeronun şimal və cənub çimərliklərində şimal-qərb küləyi gündüz arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23 dərəcə isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu aranda 34-39, dağlarda 20-25 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, iyulun 05-i axşamdan 07-si axşamadək Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin üstünlüyü və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əlverişlidir.

