Heydər Əliyev prospektində yeni istiqamətverici lövhələr quraşdırılacaq
Heydər Əliyev prospektinin 17.4-cü kilometrlik hissəsində, şəhər istiqamətində P tipli istiqamətverici lövhələrin quraşdırılması nəzərdə tutulur. Lövhələrin quraşdırılması işləri bu axşam saat 22:00-dan səhər saat 05:00-dək aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, qeyd olunan vaxt müddətində işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.
Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

